Azərbaycanda nə qədər şagird attestat ala bilməyib?

0
572

Azərbaycanda nə qədər şagird attestat ala bilməyib?

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış  siniflərində təhsil alan  IX və XI sinif  şagirdləri üçün buraxılış imtahanları keçirib.

IX siniflər üzrə  imtahanda iştirakı gözlənilən 37.029  şagirddən 419 nəfəri imtahana gəlməyib. 14 nəfər imtahan qaydalarını pozduğu üçün binadan xaric edilib. XI siniflər üzrə isə  imtahanda  iştirakı gözlənilən 27.771 şagirddən 431 nəfəri imtahana gəlməyib. 22 nəfər qaydaları pozduğu üçün imtahandan  xaric  edilib.

Bu o deməkdir ki, bu il 850 nəfər şəhadətnamə və attestat almaqdan imtina edib, 36 şagird isə imtahandan qovulub. 2018-ci tədris ilində ümumilikdə 886 şagird şəhadətnamə və attestat ala bilməyib.

Ötən ilə olan göstəricilər isə fərqlidir.

Belə ki, Dövlət İmtahan Mərkəzi 2017-ci ilin iyunun 17-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib.  IX sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 43.779 şagirddən 341 nəfəri imtahana gəlməyib. 6 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

XI sinif üzrə isə imtahanda iştirakı nəzərdə tutulan 32.855 şagirddən 354 nəfəri imtahana gəlməyib. 28 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

Yəni, 2017-ci tədris ilində 695 nəfər şəhadətnamə və attestat almaqdan imtina edib, 34 şagird isə imtahandan qovulub. 2017-ci tədris ilində ümumilikdə 729 nəfər şəhadətnamə və attestat ala bilməyib.

İki ilin müqayisəsi göstərir ki, ən çox qayda pozuntusuna XI sinif şagirdləri arasında rast gəlinir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 2018-ci il 27 iyunda Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

Həmin gün ümumilikdə 70081 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 39554, XI sinif üzrə 30527).

 

Fikrini bildir

Please enter your comment!
Please enter your name here