İyunun 27-də 70 min şagird buraxılış imtahanı verəcək.

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 27-də Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

Həmin gün ümumilikdə 70081 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 39554, XI sinif üzrə 30527).

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– “İmtahana buraxılış vərəqəsi”;

– şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX sinif üzrə buraxılış imtahanı haqqında məlumat.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 87 imtahan binası ayrılıb.

İmtahanda 39554 nəfər 9‑cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

XI sinif üzrə buraxılış imtahanı haqqında məlumat.

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 87 imtahan binası ayrılıb.

İmtahanda 30527 nəfər 11‑ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına, ümumilikdə 275 imtahan rəhbəri, 3334 nəzarətçi-müəllim ayrılıb. İmtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan 1 gün qabaq DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə DİN Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Fikrini bildir

Please enter your comment!
Please enter your name here