Müsabiqələrin qalibləri təltif olunub

0
634

Müsabiqələrin qalibləri təltif olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələrinin qalibləri təltif olunub.

Mərasimdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər və qalib komandalar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan idarə müdiri Məhəbbət Vəliyeva qalib komandaları təbrik edib. Belə müsabiqələrin şagirdlərin istedad və qabiliyyətlərinin inkişaf etdirilməsinə, təlimdə motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini bildirib. M.Vəliyeva müsabiqələrin məktəblilərin fizika, kimya və biologiya elmlərinə olan marağının daha da artırılmasından danışıb. Onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə keçirildiyini diqqətə çatdırıb. İdarə müdiri sürətlə inkişaf edən dünyanı texnologiyasız təsəvvür etməyin mümkün olmadığını, istedadlı və bacarıqlı şagirdlərin üzə çıxarılmasının vacibliyini qeyd edib.

Məhəbbət Vəliyeva onu da bildirib ki, məktəblilərin tədqiqat işlərinə marağının daha da artırılması məqsədilə müsabiqələrin final mərhələsinin universitetlərdə təşkil olunması ilə məktəblilər elmi-tədqiqat laboratoriyalarındakı müasir avadanlıq və cihazlarla əyani şəkildə tanış olur. Və ali təhsil müəssisələrinin təcrübə imkanlarından geniş şəkildə istifadə edirlər.

Müsabiqə qaliblərinin Respublika Fənn Olimpiadalarına da qoşularaq uğur qazanacaqlarına inandığını söyləyən BŞTİ-nin müdiri məktəbliləri bütün şanslardan səmərəli istifadə etməyə səsləyib.

Qeyd edək ki, final mərhələsinin nəticələrinə əsasən, gənc fiziklərin yaradıcılıq müsabiqəsində 39 nömrəli tam orta məktəb və 287 nömrəli “Zəkalar” liseyinin komandaları I yer tutub. 72 nömrəli tam orta məktəbin komandası II, 312 nömrəli tam orta məktəbin komandası III yeri tutub. Gənc kimyaçıların yaradıcılıq müsabiqəsində 35 nömrəli tam orta məktəbin komandası I yer tutub. 160 nömrəli Klassik Gimnaziyanın komandası II, 156 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb. Gənc bioloqların yaradıcılıq müsabiqəsində isə 164 nömrəli tam orta məktəbin komandası I, 99, 241 nömrəli tam orta məktəblər və 287 nömrəli “Zəkalar” liseyinin komandası II, 186 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub.

 

Fikrini bildir

Please enter your comment!
Please enter your name here